İDMAN
Şumaxerin villasını paparatsilərə görə mühafizəyə götürmək lazım gəlib
Bakı, 11 sentyabr (AZƏRTAC). “Bild” nəşri xəbər verir ki, bir neçə ay xəstəxanada qaldıqdan sonra evinə gətirilən “Formula-1” avtomobil yarışlarının məşhur yürüşçüsü Mixail Şumaxeri fotoqraflardan və çəkiliş qruplarından qorumaq üçün polis onun villasını mühafizəyə götürməyə məcbur olub.
Şumaxerin villası Leman gölünün sahilindəKİ Qland şəhərində yerləşir. Keçən ilin dekabrında dağ-xizək idmanı kurortunda başından ağır zədə almış idmançının evə qayıtması xəbəri yayılan kimi paparatsilər villanı dövrəyə alıblar.
Polis bütün gecə ətraf ərazidə keşik çəkib və reportyorlardan çıxıb getməyi, ailəni rahat buraxmağı xahiş edib. Polis nümayəndəsi deyib: “Biz istərdik ki, hər şeylə maraqlanan insanlar bu evdə rahatlığı pozmasınlar”.
Nəşr yazır ki, “Rusiyanın bir xəbər agentliyi Şumanın evindən canlı yayım verməyə çalışırdı. Bir saatdan sonra yayım dayandırılıb və polis çəkiliş qrupunu geri qaytarıb”.
AZƏRTAC-ın verdiyi xəbərə görə, idmançıya 15 nəfərədək adam qulluq edəcək. İki nəfər gecə-gündüz onun yanında olacaq.