ELM VƏ TƏHSİL
Sumqayıt Dövlət Universitetində Bilik günü ilə bağlı tədbir keçirilmişdir
Sumqayıt, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Sumqayıt Dövlət Universitetində (SDU) Bilik günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə SDU-nun rektoru, professor Nadir Qəhrəmanov iştirakçıları bayram münasibətilə təbrik edərək yeni dərs ilini açıq elan etmişdir. Bildirmişdir ki, bu il Sumqayıt Dövlət Universitetinə 1037 tələbə qəbul olunmuşdur. Qəbul olan tələbələr 62 regionu təmsil edir. SDU artıq ölkənin aparıcı ali məktəblərindən birinə çevrilmiş, son illər ərzində geniş beynəlxalq əlaqələr qurmuş, dünyanın bir çox ali məktəbləri ilə əməkdaşlıq edir. Elə bu yaxınlarda universitetimizin tələbələri Türkiyənin “Petkim” şirkətində təcrübə keçərək Vətənə qayıtmışlar. Bu təhsil ili üçün 50-dən artıq auditoriya və kitabxana əsaslı təmir olunmuşdur. Hər il olduğu kimi, bu il də universitetimizə daxil olmuş tələbələr arasında yüksək bal toplayanlar vardır.
Sonra həmin tələbələrdən bir qrupu mükafatlandırılmışdır.
Tələbələr adından çıxış edən Gülşən Hüseynzadə onlara göstərilən diqqətə görə minnətdarlığını bildirmiş, SDU-da təhsil alacağına görə qürur duyduğunu söyləmişdir.
Tədbirdə fəlsəfə kafedrasının müdiri, professor Həsən Sadıqovun, universitetin məzunu, Riyaziyyat fakültəsinin əməkdaşı kimi fəaliyyətə başlamış İranə Abdullayevanın, magistratura şöbəsinə yüksək balla qəbul olmuş Ülviyyə Məmmədovanın, universitetin fizika və riyaziyyatın tədrisi metodikası kafedrasının dosenti Səməndər Məmmədovun çıxışları və təbrikləri dinlənilmişdir.