Sumqayıt Dövlət Universitetinin tələbələri arasında sorğu aparılıb
Sumqayıt, 5 aprel, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) Keyfiyyətə Nəzarət və Qiymətləndirmə Mərkəzinin yaradılması və inkişafı “ERASMUS +” layihəsi çərçivəsində tələbələr arasında sorğu keçirilib. SDU Avropa Komissiyası tərəfindən bu il qalib olmuş beynəlxalq “ERASMUS +” layihəsinin tərəfdaşı qismində çıxış edir. Layihənin xarici tərəfdaşları Litva Sosial Elmlər Kolleci, İspaniyanın Alikante Universiteti, İsveç Texniki Universiteti və Birləşmiş Krallıq Universitetidir. SDU-nun Bakı Biznes Universiteti ilə tərəfdaşlıq etdiyi bu nüfuzlu layihə Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişafını nəzərdə tutur. Sözügedən “ERASMUS+” layihəsi çərçivəsində imzalanmış müqavilənin əsas məqsədi Azərbaycan Ali Təhsil Müəssisələrində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişafıdır.
Layihənin uğurla həyata keçirilməsi məqsədilə SDU-nun humanitar işlər üzrə prorektoru, dosent Ramiz Hüseynovun rəhbərliyi ilə iş planına əsasən tələbə heyəti arasında sosioloji sorğu aparılıb. 43 sualdan ibarət sorğuya universitetin yeddi fakültəsindən, bakalavriat, magistratura və doktorantura pillələrində təhsil alanlar cəlb olunublar. Sorğu hər bir fakültənin kompüterlərlə təchiz olunmuş auditoriyalarında layihənin heyət üzvlərinin müşayiəti ilə keçirilib. Sorğu obyektiv, demokratik və şəffaf prinsiplər əsasında aparılıb.