İDMAN
“Sumqayıt” futbol komandası doğma meydanda “Xəzər–Lənkaran” kollektivinə məğlub olub
Oktyabrın 29-da Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində “Sumqayıt” futbol komandası “KapitalBank Arena”da “Xəzər Lənkəran”ı qəbul edib.
“Sumqayıt” Futbol Klubunun mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, ev sahibləri oyunda 1:2 hesabı ilə məğlub olublar. Komandada yeganə qolu oyunun 42-ci dəqiqəsində Məhəmməd Qurbanov vurub. Futbolçu bununla cari mövsümdə Premyer Liqada 5-ci qoluna imza atıb.
Matçın sonunda jurnalistlərlə açıqlama verən “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib: “Məncə, iki fərqli hissə oldu. Uduzsaq da, komandamdan razıyam. Bəxtimiz gətirmədi. Futbolda belə hallar mümkündür. Biz məğlubiyyətə layiq deyildik. “Xəzər Lənkəran”ı təbrik edirəm. Komandamızda hücumçu problemi var. Təkcə Məhəmməd Qurbanov ümidləri doğruldur. Mən ona güvənirəm”.
“Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çetin isə oyuna qiymət verərək bildirib: “Qələbəyə görə şadam. Biz bu gün ən çətin oyunlarımızdan birini keçirdik. Gənc, sonadək mübarizə aparan, yaxşı hazırlanmış komandaya qarşı oynadıq. “Sumqayıt”ı təbrik etmək istəyirəm, yaxşı oynadı. Bizim üstünlüyümüz odur ki, topla yaxşı davranırıq. Bu gün eyni oyunu göstərə bilmədik. Mübarizə ön planda idi. Bundan məmnunam. Açığı, bu gün öz oyunumuzu nümayiş etdirə bilmədik. Biz topu özümüzdə yaxşı saxlaya bilmədiyimiz üçün rəqib təzyiqi artırdı. Ona görə də son fitə qədər təzyiq altında çıxış etdik”.
Onuncu turun yekununa görə, turnir cədvəlində dördüncü sırada qərarlaşıb.