İQTİSADİYYAT
Sumqayıt Kimya Sənaye Parkına 20-yə yaxın investisiya təklifi daxil olmuşdur
Bakı, 7 avqust (AZƏRTAC). Sumqayıt Kimya Sənaye Parkına 20-yə yaxın investisiya təklifi daxil olmuşdur.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, investisiya layihələrinin qiymətləndirilməsi qaydaları hazırlanmışdır. Qeyri-neft sektorunda ən iri layihələrdən olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili istiqamətində tədbirlər davam etdirilir. “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin iştirakı ilə Azərbaycanda sənaye parklarının fəaliyyəti üçün zəruri olan normativ-hüquqi sənədlərin tərtib olunması istiqamətində işlər aparılır. Artıq bir sıra normativ-hüquqi aktların ilkin layihələri, həmçinin “Hüquqi və fiziki şəxslərin investisiya layihələrinin tələb olunan meyarlara uyğunluğunun qiymətləndirilməsi qaydaları”nın ilkin layihəsi hazırlanmışdır.
Qaydalara əsasən, hüquqi və fiziki şəxslərin investisiya layihələrinin qiymətləndirilməsi 10 meyar üzrə aparılacaq və bu zaman investisiya layihəsinin regional əhəmiyyəti, məhsul istehsalı (iş və xidmətlərin göstərilməsi) üzrə müasir texnologiyaların tətbiqi, məhsulların innovasiya və ixrac yönümlülüyü, iqtisadi səmərəliliyi, rəqabət mühitinin gücləndirilməsinə təsiri və digər amillər nəzərə alınacaqdır.
Artıq Sumqayıt Kimya Sənaye Parkına 20-yə yaxın investisiya təklifi təqdim edilmişdir. Layihələr əsasən qablaşdırma, tikinti, tibbi və digər sahələrdə kimya məhsullarının, o cümlədən, polimerlərin istehsalını nəzərdə tutur. Bununla belə, “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən sənaye parkına investorların cəlb olunması istiqamətində tədbirlər - yerli və xarici şirkətlərlə görüşlərin təşkili, ölkə daxilində və xaricdə təqdimatların keçirilməsi və s. davam etdirilir.