İQTİSADİYYAT
Sumqayıtda kimya sənayesi və əczaçılıq məhsulları istehsalı üzrə İşçi Qrupunun ilk iclası keçirilib
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq, müxtəlif sənaye sahələri üzrə mövcud vəziyyətin və tendensiyaların müzakirəsi, sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi, müəssisələrarası əməkdaşlığın təşviq edilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sənayenin müxtəlif sahələri üzrə işçi qrupları yaradılıb. İndiyədək işçi qruplarının bir sıra iclasları keçirilib, sənayenin müvafiq sahələri üzrə müzakirələr aparılıb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Kimya Sənaye Parkının inzibati binasında kimya sənayesi və əczaçılıq məhsulları istehsalı üzrə İşçi Qrupunun ilk iclası keçirilib. İclasda kimya sənayesi və əczaçılıq məhsulları istehsalı üzrə 9 şirkətin nümayəndələri təmsil etdikləri müəssisələr haqqında məlumat verərək sahənin inkişafına dair müxtəlif təkliflər səsləndiriblər.
İclas iştirakçılarına Sumqayıt Kimya Sənaye Parkında görülən işlər, rezidentlər üçün müəyyən olunmuş vergi güzəştləri, yaradılacaq nəqliyyat infrastrukturu barədə məlumat verilib.
İclasda, həmçinin sənaye sahəsində kadr məsələsi, sənaye məhsullarının satışı məsələləri müzakirə edilib.
İclasın sonunda kimya sənayesi və əczaçılıq məhsulları istehsalı üzrə İşçi Qrupunun növbəti iclasınadək istehsalçılar tərəfindən təkliflərin təqdim olunması, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən isə bu təkliflərin təhlil edilərək müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab olunub.