ELM VƏ TƏHSİL
Suraxanı Rayon Heydər Əliyev Mərkəzində açıq dərs keçirilmişdir
Bakı, 31 yanvar (AZƏRTAC). Yanvarın 31-də Suraxanı Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərs keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda açıq dərslər Suraxanı Rayon Heydər Əliyev Mərkəzində ayda bir dəfə keçirilməklə 2013/2014-cü tədris ilinin sonunadək davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcəkdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində ən yaxşı açıq dərs keçən müəllimlər və bu dərslərdə daha çox fəallıq göstərən şagirdlər mükafatlandırılacaqlar.
Rayonun 7 məktəbindən 100 şagirdin iştirak etdiyi açıq dərs dövlət himninin oxunması ilə başlanmışdır. Açıq dərsin mövzusunu elan edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Xətai bölməsi üzrə metodmərkəzin metodisti, 208 nömrəli tam orta məktəbin müəllimi Xatirə Cananova ümummilli lider Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışmışdır.
Açıq dərsdə 97 nömrəli tam orta məktəbin müəllimi Aytəkin Musayeva, 315 nömrəli tam orta məktəbin müəllimi Ayaz Hüseynov şagirdlərə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında məlumat vermişlər.
Şagirdlərə 85 nömrəli tam orta məktəbin müəllimi Cəmilə Allahverdiyeva “Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı”, 65 nömrəli tam orta məktəbin müəllimi Vüqar Ağayev “Heydər Əliyev və Azərbaycan gəncliyi”, 114 nömrəli tam orta məktəbin müəllimi Fatimə Zülfüqarova “Heydər Əliyev Azərbaycan xalqının sülhsevər, vətənpərvər oğlu idi”, 87 nömrəli tam orta məktəbin müəllimi Sevil Məmmədsalahova “Heydər Əliyev və Azərbaycanın neft strategiyası”, 226 nömrəli tam orta məktəbin müəllimi Təranə Cəbiyeva “Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan mədəniyyəti” mövzularında açıq dərslər keçmişlər.
Açıq dərsdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov vurğulamışdır ki, dahi rəhbər Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, uğurlu siyasi kursun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu - bütün bunların hamısı ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.
Müdrik rəhbər Heydər Əliyev ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edən İ.Abbasov ölkəmizin çox sürətlə və davamlı inkişaf etdiyini bildirmişdir.
Açıq dərsdə bütün mövzular xüsusi hazırlanmış foto, videomateriallarla şagirdlərin diqqətinə çatdırılmışdır.
Məktəblilər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirlər söyləmiş, mahnılar ifa etmişlər.