DÜNYA
Suriya Prezidenti Bəşər Əsəd kimyəvi silahla bağlı növbəti açıqlama vermişdir
Bakı, 24 sentyabr (AZƏRTAC). Suriya Prezidenti Bəşər Əsəd kimyəvi silahla bağlı növbəti açıqlama vermişdir.
Bəşər Əsəd Çin televiziyasına müsahibəsində demişdir ki, ölkəsindəki kimyəvi silahlar xüsusi şərtlər altında təhlükəsiz şəraitdə saxlanılır və silahlı qruplaşmaların əlinə keçə bilməz. Bəşər Əsəd ABŞ, Böyük Britaniya və Fransanı BMT-yə təqdim etdikləri kimyəvi silahların beynəlxalq nəzarətə verilməsi ilə bağlı layihəni qınamışdır. Suriya Prezidenti əlavə etmişdir ki, onun ölkəsi müstəqillik əldə etdiyi vaxtdan imzaladığı bütün sazişlərə sadiq olmuşdur.
Fransanın xarici işlər naziri Loran Fabius isə bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası Suriyanın kimyəvi silah dosyesi ilə bağlı bu həftə qərar qəbul edə bilər. Diplomatın fikrincə, qərarda 3 şərt irəli sürülməlidir. Birinci şərt Suriya hökumətinin kimyəvi silahların məhvi ilə bağlı öhdəliyini yerinə yetirmədiyi təqdirdə BMT Nizamnaməsinə müvafiq tədbirlərin görülməsidir. İkincisi, kimyəvi silah tətbiqində əli olan şəxslərin məhkəməyə cəlb olunmasıdır. Nəhayət, sonuncu şərt BMT Təhlükəsizik Şurasının beynəlxalq sülhü təhlükə altında qoyan bu dosye ilə bağlı toplantısının çağırılmasıdır.