DÜNYA
Tacikistanın “İşkobad” sərhəd zastavasına hücum edənlərin əksəriyyəti Soğd vilayətinin sakinləridir
Düşənbə, 8 noyabr, AZƏRTAC
Noyabrın 6-da Tacikistanın “İşkobad” sərhəd zastavasına hücum edən 20 nəfər İŞİD terrorçusunun əksəriyyətinin ölkənin Soğd vilayətinin sakinləri olduqları müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, bu haqda jurnalistlərə Tacikistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Umarjon Emamali bildirib.
O bildirib ki, Əfqanıstan ərazisindən Tacikistana hücum edən İŞİD terrorçularının arasında qadınlar da olub. Onlar Tacikistan ərazisində terror aktları törətmək üçün Əfqanıstanın Kunduz əyalətindən göndəriliblər.
Terrorçuların Tacikistan ərazisinə hücumu ilə bağlı terrorizm və qəsdən adamöldürmə maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.
Xatırladaq ki, Əfqanıstan ərazisindən Tacikistana hücum edən 20 İŞİD terrorçusundan 15-i zərərsizləşdirilib, 5-i isə ələ keçirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə