İQTİSADİYYAT
Tağıyev-Sahil avtomobil yolunun yenidən qurulması gələn ilin ortalarında başa çatdırılacaqdır
Bakı, 27 noyabr (AZƏRTAC). “R6 Tağıyev-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsi üzrə hazırda torpaq işləri və körpülərin tikintisi davam etdirilir. İndiyədək görülən işlər nəticəsində layihə üzrə nəzərdə tutulan bütün işlərin 38 faizi icra edilmişdir.
Tikinti işlərini regionun ən iri avtomobil və dəmir yolu tikintisi şirkətlərindən olan “Azərinşaatservis” MMC həyata keçirir.
MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tikintisinə 2010-cu ilin aprel ayında başlanılan Tağıyev-Sahil avtomobil yolunun tikintisinin 2012-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulur. İndiyədək torpaq işlərinin 76,4 faizi, yol geyimi işlərinin (asfalt qarışığı olmayan daş çınqılların düzülməsi və asfalt laylarının işlənməsi) 37 faizi, suötürücülərinin tikintisi və drenaj işlərinin isə 18,1 faizi başa çatdırılmışdır. Ümumilikdə əvvəlcədən nəzərdə tutulan 11 körpünün əsaslı təmiri və tikinti işlərinin 30,5 faizi artıq başa çatdırılmışdır.
Qeyd edək ki, “R6 Tağıyev-Sahil avtomobil yolunun yenidən qurulması” layihəsinə əsasən tikiləcək yolun uzunluğu 41,4 kilometr, torpaq yatağının eni isə 15 metrdir. II dərəcəli avtomobil yolu olaraq tikintisi nəzərdə tutulan bu yol layihəyə əsasən bir gediş və bir gəliş olmaqla, iki hərəkət zolağından ibarətdir. Hərəkət zolağının hər birinin eni 3,75 metrdir. Layihəyə əsasən 11 körpünün əsaslı təmiri və tikintisi, 8 avtobus dayanacağının inşası da nəzərdə tutulur.
Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sifarişi ilə tikiləcək bu yolu Dünya Bankı maliyyələşdirir.