MƏDƏNİYYƏT
Tanınmış alman dirijoru Bakıda çıxış edəcəkdir
Bakı, 31 oktyabr (AZƏRTAC). Noyabrın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası nümayiş olunacaqdır. Tamaşanı Münxen opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru xanım Korneliya fon Kerssenbrofk idarə edəcəkdir.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tamaşada əsas partiyalardan biri olan Alfred partiyasını Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Dmitri Kuzmin ifa edəcəkdir. Violetta rolunda isə Opera və Balet Teatrının gənc və istedadlı solisti, Əməkdar Artisti İnarə Babayeva çıxış edəcəkdir.
Tamaşada həmçinin teatrın aparıcı solistləri, Əməkdar artistlər Əvəz Abdullayev (Jermon), Əli Əsgərov (Markiz d`Obinyi), Əkrəm Poladov (Doktor Qrevil) iştirak edəcəklər.
Tanınmış ifaçıların iştirak etdiyi bu tamaşa heç şübhəsiz teatrın yaradıcılıq həyatında parlaq səhifə olacaqdır.