REGİONLAR
Tanınmış rəssamın 75 illik yubileyi münasibətilə fərdi rəsm sərgisi açılıb
Naxçıvan, 14 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda tanınmış rəssam Qəhrəman Tağıyevin 75 illik yubileyi münasibətilə “Realizmin işığında” adlı fərdi rəsm sərgisi təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva muxtar respublikada incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan danışıb.
Ülviyyə Həmzəyeva bildirib ki, yubileyi qeyd edilən Qəhrəman Tağıyev Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü kimi bir çox müsabiqə və sərgilərdə uğurla iştirak edir. O, həm də müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir, gənc nəslə rəssamlıq sənətinin sirlərini öyrədir. Rəssamın fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, ötən il Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Ülviyyə Həmzəyeva çıxışının sonunda rəssamı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, fərdi sərgidən də göründüyü kimi, Qəhrəman Tağıyevin yaradıcılığı geniş və çoxşaxəlidir. O, müşahidə etdiklərini, gördüklərini özünəməxsus şəkildə işləyərək gözəl rəsm əsərləri ərsəyə gətirib. Rəssam fırçasının gücü ilə ərsəyə gələn bu əsərlərin özünəməxsusluğu həm də bir tarixi fakt kimi həmişə yaşayacağından xəbər verir.
Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxışında vurğulayıb ki, bu gün türk xalqları arasında ictimai-siyasi, eyni zamanda, mədəniyyət və incəsənət sahəsində əlaqələr inkişaf etdirilir və möhkəmləndirilir. Yubileyini qeyd etdiyimiz rəssamın ömrü yaradıcılıq sahəsində çalışmalarla keçib. Onun gənc rəssamların yetişdirilməsində də xidmətləri var. Ötən il Qəhrəman Tağıyev çəkdiyi “Atatürk” portretini konsulluğa təqdim edib. Konsul qiymətli hədiyyəyə, eləcə də incəsənətə verdiyi töhfələrə görə rəssama təşəkkürünü bildirib.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva, rəssamın sənət dostlarından Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov Qəhrəman Tağıyevi 75 illik yubileyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıblar.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Qəhrəman Tağıyev fəaliyyətinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Sonra fərdi yaradıcılıq sərgisinə görə rəssama təşəkkürnamə təqdim edilib və sərgiyə baxış olub.
Qeyd edək ki, Qəhrəman Tağıyevin qrafik və yağlı boya üsulu ilə çəkilən portret, natürmort, mənzərə janrlarında 75 rəsm əsəri nümayiş olunub. “Möminə xatun”, “Əshabi-Kəhf ziyarətgahı”, “Hüseyn Cavid məqbərəsi”, “Nuh Peyğəmbərin məqbərəsi”, “Batabat obasında”, “Təbiətin simfoniyası” və digər əsərlər maraqla izlənilib.
Sərgi bir həftə davam edəcək.