ELM VƏ TƏHSİL
Tarix Muzeyində qazi Orxan Həsənovun şəxsi əşyaları qorunur
Bakı, 29 mart, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qazi Orxan Həsənovun şəxsi əşyaları (tibb çantası, hərbi geyimi, 15 ədəd fotoşəkili) qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Baş çavuş, Vətən müharibəsinin qazisi Orxan Həsənovun 30 yaşı tamam olur. O, 1992-ci il martın 29-da Quba rayonunda dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra müddətli hərbi xidmətdə olub. 2014-2016-cı illərdə Xüsusi Təyinatlı Dəstədə xidmətini davam etdirib. Vətən müharibəsi zamanı taborun tibb qrupunun komandiri vəzifəsində çalışıb. Döyüş zamanı yaralılara ilkin tibbi yardım göstərib. O.Həsənov Cəbrayılın, Füzulinin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Orxan Həsənov “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.