MƏDƏNİYYƏT
Tələbələr arasında ikinci “Univision” musiqi müsabiqəsi başlamışdır
Bakı, 12 aprel (AZƏRTAC). Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılığı ilə ölkənin ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ikinci “Univision” musiqi müsabiqəsi başlamışdır.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində tələbələr arasında “Eurovision” adını almış milli “Univision”nun seçmə mərhələsi keçirilmişdir.
Seçimdə hər bir təhsil müəssisəsindən bir nəfər olmaqla 40-a yaxın tələbə iştirak etmişdir.
İştirakçılar ATGTİ-nin sədri Şahin İsmayılov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elnur Abdullayev, Əməkdar Artist Tünzalə Ağayeva, modelyer-dizayner Gülnarə Xəlilova, prodüser Yalçın Cabbarov və rəqqasə Nailə Dadaşovadan ibarət münsiflər heyəti tərəfindən seçilmişdir.
Gənc iştirakçılar münsiflər heyəti qarşısında müxtəlif musiqi janrlarında həm ana dilində, həm də xarici dillərdə öz qabiliyyətlərini nümayiş etdirmişlər.
“Univision” musiqi müsabiqəsinin qalibləri də “Eurovision”da olduğu kimi, 12 ballıq şkala ilə müəyyən ediləcəkdir. Lakin burada SMS vasitəsilə səsvermə olmayacaqdır. İştirakçılar münsiflər heyətinin və təhsil müəssisələri şuralarının qərarı ilə müəyyən ediləcəkdir.
Mayın 2-3-də müsabiqənin yarımfinalı, 5-də isə Heydər Əliyev Sarayında finalı olacaqdır. Finalçılar və qaliblər təhsil müəssisələri şuraları tərəfindən gizli səsvermə yolu ilə seçiləcəkdir. Müsabiqənin qaydalarına görə şura öz təhsil müəssisəsindən olan tələbəyə səs verə bilməz.
Birinci yerin qalibinə mikrofon formasında “Univision” kuboku və 3000 manat pul mükafatı veriləcəkdir. İkinci yerə layiq görülən iştirakçıya 2000, üçüncü yerin sahibinə isə 1000 manat pul mükafatı təqdim olunacaqdır.
Ötən il keçirilmiş birinci “Univision” musiqi müsabiqəsinin qalibi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbəsi Kənan Qədimov olmuşdur.