İQTİSADİYYAT
“TeliaSonera” dünyanın 100 ən dayanıqlı şirkətindən biri olmuşdur
Bakı, 26 yanvar (AZƏRTAC). Yanvarın 26-da dünyada 100 ən böyük və dayanıqlı şirkətlərin “Qlobal 100-lük” reytinqi açıqlanmışdır. “TeliaSonera” şirkəti bu reytinq cədvəlində 13-cü yeri tutmuşdur.
“TeliaSonera” şirkətinin bir hissəsi olan “Azercell Telekom”dan AZƏRTAC-a bildirmişlər ki, “Qlobal 100-lük” reytinq siyahısı Davosdakı Dünya İqtisadi Forumunda təqdim edilmişdir. “TeliaSonera” ətraf mühit, sosial və idarəçilik risklərin və imkanların idarə edilməsi sahəsində ən yaxşı telekommunikasiya operatoru hesab edilmişdir.
“Qlobal 100-lük” dünyanın ən dayanıqlı korporasiyalarının reytinq cədvəlidir. Bu siyahının əsası 2005-ci ildə “Strategic Value Advisors Inc.” adlı beynəlxalq sərmayə-tədqiqat şirkəti və “Corporate Knights Inc.” şirkəti tərəfindən birlikdə təsis edilmişdir. Yüzlüyə daxil olan qurumların adları səhmləri birjalara çıxarılan 3 min 500 şirkət arasında seçilir. Xatırladaq ki, “Qlobal 100-lük” cədvəli hər il Davosda Dünya İqtisadi Forumu zamanı təqdim olunur.
“TeliaSonera” 2002-ci ildə Telia (İsveç) ilə Sonera (Finlandiya) şirkətlərinin birləşməsi nəticəsində yaranmışdır. Şirkət dünyanın bir çox ölkələrində, xüsusilə də Skandinaviya və Baltikyanı ölkələrdə, Avrasiya məkanında, o cümlədən Rusiya, Türkiyə və İspaniyada telekommunikasiya xidmətlərini göstərir. Dünyada ilk dəfə olaraq 4G xidmətlərini istifadəyə verən “TeliaSonera”, həmçinin beynəlxalq şəbəkə mülkiyyətçisi olmaqla, Avropanın aparıcı rabitə xidmətlərini təmin edən şirkətdir.