CƏMİYYƏT
“Təmiz Şəhər” ASC məktəblilər üçün məlumat turları təşkil etmişdir
Bakı, 12 aprel (AZƏRTAC). “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Beynəlxalq Məktəbinin (TİSA) şagirdləri üçün Balaxanı qəsəbəsində yerləşən Bərk məişət tullantılarının yandırılması zavoduna məlumat turu təşkil etmişdir.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, turların məqsədi uşaqların diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, onların az istifadə, təkrar istifadə, çeşidləmə sahəsində biliklərini artırmaqdır.
Məktəblilər Bakı bərk məişət tullantılarının yandırılması zavodunda olarkən müəssisənin fəaliyyətindən bəhs edən süjeti izləmiş, daha sonra idarəetmə otağında şüşə arxasından və onlayn-monitorlar vasitəsilə tullantıların yandırılması prosesini müşahidə etmişlər. Burada məktəblilərə tullantılardan enerji əldə olunması prosesi haqqında məlumat verilmişdir.
“Təmiz Şəhər” ASC-nin nümayəndəsi tur iştirakçılarına, həmçinin tullantıların çeşidlənməsinin faydalarını, sonrakı mərhələdə isə tullantıların təkrar emalı və zərərsizləşdiriləsi prosesini ətraflı izah etmişdir.
Tullantıların idarə olunması sahəsində görülən işlər haqqında əhalinin məlumatlandırılması məqsədilə məlumat turlarının mütəmadi surətdə keçirilməsi nəzərdə tutulmuşdur.
Turlarda iştirak etmək istəyən hər kəs [email protected] ünvanına məktub göndərə və ya +994124644111 telefonu ilə əlaqə saxlaya bilər.