REGİONLAR
Tərtər rayonunun cəbhə xəttində yerləşən kəndlərinin problemlərinin həllinə diqqətlə yanaşılır
AZƏRTAC xəbər verir ki, növbəti görüş cəbhə xəttində yerləşən Qazyan kəndində keçirilib. Rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin də iştirak etdikləri görüşdə əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.
Görüşdə kənd sakinlərindən Əfşan Surxaylı, Fatma İsmayılova, Yaqub Balakişiyev, Əbülfət Cümşüdov və başqaları kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıb, arzu və təkliflərini bildiriblər. Qeyd edilib ki, cəbhə xəttində yerləşən Qaynaq, Qapanlı, Qazyan kəndlərində 10 kilometr uzunluğunda yollarının təmir edilməsi, yeni subartezian quyularının qazılması, küçələrə müasir gecə işıqlanma sistemlərinin quraşdırılması dövlətimiz tərəfindən kənd sakinlərinə göstərilən qayğının bariz nümunəsidir. Qeyd olunub ki, əkin sahələrinin suvarılması üçün yeni subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərinin yenisi ilə əvəz edilməsinə, kənd yolunun asfaltlanmasına, orta məktəb və uşaq bağçası üçün yeni binaların tikilməsinə ehtiyac vardır.
Görüşdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.