CƏMİYYƏT
TƏRTƏR REGİONAL PEŞƏ TƏLİMİ MƏRKƏZİNDƏ DƏRSLƏR BAŞLANMIŞDIR
Bakı, 11 may (AZƏRTAC). Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində Tərtər rayonunda müharibədən zərər çəkən insanlar - mina qurbanları və onların ailə üzvləri, aztəminatlı ailələr, qaçqınlar və məcburi köçkünlər üçün inşa edilib istifadəyə verilmiş Regional Peşə Təlimi Mərkəzində ilk təlimlərə başlamışdır.
BAMF-ın informasiya departamentindən bildirmişlər ki, 8 ay davam edəcək kursun birinci mərhələsində təlimlərə dörd istiqamət - tingçiliyin inkişafı, çörəkbişirmənin texnologiyası, xalçaçılıq və kompyuter bacarıqlarının inkişafı istiqamətlərində hər peşə üzrə 8 nəfər olmaqla, 32 müdavim cəlb edilmişdir.
Müdavimlərə Azərbaycanda tingçiliyin və meyvəçiliyin inkişafı yollarının, meyvəçilikdə regional xüsusiyyətlərin, calaq işlərinin, ayrı-ayrı meyvə ağacı növlərinin əkilməsinin, çoxaldılmasının və yetişdirilməsinin aqrotexniki üsulları öyrədiləcəkdir. Müharibədən zərərçəkənlərin və mina qurbanlarının ailə üzvlərindən bir qismi çörəkbişirmə və xalçaçılıq peşələrinə yiyələnməyə üstünlük vermişdir. Kompyuter bacarıqlarının inkişafı kursuna əsasən mina qurbanlarının övladları cəlb olunmuşlar.
Təlimlər peşəkar mütəxəssislər tərəfindən BMT-nin Beynəlxalq Əmək Təşkilatının müəyyən etdiyi standartlara uyğun hazırlanmış proqram əsasında aparılır. Hər cür müasir təlim avadanlığı ilə təchiz olunmuş Tərtər Regional Peşə Təlimi Mərkəzində dərslərin keyfiyyətinə əlverişli zəmin yaradılmışdır. Burada yeni kitabxana da müdavimlərin ixtiyarına verilmişdir.
Peşələrə yiyələnəcək mina qurbanları və onların ailə üzvlərinin gələcəkdə işlə təmin olunması məsələsi də BAMF rəhbərliyinin diqqət mərkəzindədir. Artıq bu məqsədlə indidən bir sıra tədbirlər görülür.
Layihənin rəhbəri, BAMF-ın sədri Umud Mirzəyev Tərtər Regional Peşə Təlimi Mərkəzində dərslərin başlanması münasibətilə müdavimləri təbrik etmiş, onlara seçdikləri peşələrin sirlərinə yiyələnməkldə uğurlar arzulamışdır.
######