SİYASƏT
Tərtərdə Yeni Azərbaycan Partiyasının yaranmasının 20-ci ildönümü qeyd olunmuşdur
Tərtər, 8 noyabr (AZƏRTAC). Tərtər rayon Gənclər evində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 20-ci ildönümü ilə əlaqədar yubiley tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya fəalları və ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirdə dövlət himni səsləndirilmiş, YAP-ın qurucusu Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov partiyanın yarandığı tarixi şərait, keçdiyi şərəfli yol, partiyanın yaradılmasında ulu öndər Heydər Əliyevin xidmətlərindən danışmışdır. Bildirmişdir ki, YAP xalqımızın ən ağır və faciəli günlərində, Azərbaycanın dünya xəritəsindən silinməsi təhlükəsi qarşısında qaldığı bir zamanda yaranmış və Vətənimiz Azərbaycanın gələcək taleyini müəyyən etmişdir.
Qeyd olunmuşdur ki, ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran şəraitində - 1992-ci ilin payızında 91 nəfər Azərbaycan ziyalısının imzası ilə ulu öndər Heydər Əliyevə müraciət göndərildi. Müraciətdə yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Beləliklə, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində respublikanın müxtəlif regionlarından 550-dən çox nümayəndənin iştirakı ilə YAP-ın təsis konfransı keçirildi və Heydər Əlirza oğlu Əliyev partiyanın sədri seçildi.
Bildirilmişdir ki, xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycanın siyasi həyatında yeni mərhələ başlanmışdır. Qısa zamanda ümummilli liderin rəhbərliyi ilə ölkəmizdə vətəndaş müharibəsinə, dövlət çevrilişinə cəhdlərin qarşısı alınmış, Azərbaycanda demokratik, hüquqi və sivil dəyərlərə söykənən dövlət quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
YAP 2003-cü ildən ulu öndərin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin sədrliyi ilə daha da inkişaf edərək genişlənmiş, xalqın rəğbətini qazanaraq ümumxalq partiyasına çevrilmişdir.
Bildirilmişdir ki, 1993-cü il iyulun 25-də əsası qoyulan YAP Tərtər rayon təşkilatı bu gün öz ətrafında 5090 nəfər üzvü birləşdirir. Onlardan 2628 nəfəri qadın, 1216 nəfəri isə gənclərdir. Bu ilin ötən 9 ayı ərzində 263 nəfər partiya sıralarına qəbul olunmuşdur.
Mərasimdə çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini, partiyanın Siyasi Şurasının üzvü Firdovsi Əliyev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov yubiley münasibətilə tədbir iştirakçılarını təbrik etmişlər.
Tədbir iştirakçıları adından YAP-ın Sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
Sonda ictimai-siyasi həyatda fəal iştirakına görə YAP-ın fəal üzvlərinə Tərtər rayon təşkilatının fəxri fərmanı təqdim olunmuş, partiyaya qəbul edilmiş yeni üzvlərə vəsiqələr verilmişdir.