ELM VƏ TƏHSİL
“Thomson Reuters” elmi bazasının resurslarından səmərəli istifadə dünya elminə inteqrasiya baxımından əhəmiyyətlidir
Bakı, 9 yanvar, AZƏRTAC
“Thomson Reuters” elmi bazasının resurslarından səmərəli istifadə dünya elminə inteqrasiya baxımından əhəmiyyətlidir.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliqulivev deyib.
Akademik alimlərin mühüm elmi nəticələrinin təbliğində xüsusi rola malik olan elmi bazalarla əməkdaşlıq əlaqələrinin qurulmasının elmi-tədqiqat institutlarının qarşısında duran başlıca vəzifələrdən olduğunu söyləyib. R.Əliquliyev “Thomson Reuters” elmi bazasının resurslarından səmərəli istifadənin, alimlərin elmi fəaliyyətinin, məqalələrinin qiymətləndirilməsinin, jurnallarda çapolunma texnologiyasının mənimsənilməsinin əhəmiyyətindən danışıb.
Alim bildirib ki, hazırda dünya səviyyəsində elmi araşdırmaların aparılması, elmi əsərlərin istinad indeksli jurnallarda dərci, bu sahədə beynəlxalq əlaqələrin qurulması, ümumilikdə Azərbaycan elminin beynəlxalq elmi bazalarda təmsil olunması dünya elminə inteqrasiya baxımından böyük əhəmiyyət daşıyan məsələlərdəndir. İnstitutun direktoru ölkə rəhbərliyinin beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiya istiqamətində ardıcıl, məqsədyönlü siyasət apardığını, bu siyasətə müvafiq olaraq Azərbaycan elminin dünyanın çağırışlarına uyğun problemlərlə məşğul olmasının önəmini vurğulayıb.