REGİONLAR
Tofiq Heydərov: Mədəniyyətimizin inkişafı, gənc nəslin mənəvi tərbiyəsi üçün əlimizdən gələni əsirgəməyəcəyik
Lənkəran, 6 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 1-də Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündən əmin olduq ki, ölkəmizdə xalq-iqtidar birliyi monolitdir və ona xələl gətirə biləcək heç bir qüvvə yoxdur.
Bu sözləri Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibəsində deyib.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə ədəbiyyata, elmə, mədəniyyətə, incəsənət xadimlərinə həmişə diqqət və qayğı göstərildiyini söyləyən T.Heydərov, 1973-cü ilin dekabrın 6-da Lənkəran Dövlət Dram Teatrının məhz böyük rəhbərin xeyir-duası ilə uzunmüddətli fasilədən sonra yenidən fəaliyyətə başladığını diqqətə çatdırıb.
Teatrın direktoru deyib: “Ölkəmizdə mədəniyyətə, incəsənətə, o cümlədən teatr sənətinə qayğı bu gün Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən layiqli şəkildə davam etdirilir. Mədəniyyət və incəsənət xadimləri ilə keçirilən görüşdə də bunun bir daha şahidi olduq. Efir vasitəsilə böyük maraqla izlədiyimiz bu görüş göstərdi ki, Azərbaycan dövləti mədəniyyətimizin qorunub saxlanılması, inkişaf etdirilməsi, gələcək nəsillərə çatdırılması və xüsusən, beynəlxalq aləmdə tanıdılması məsələlərində daim sənət adamlarının və mədəniyyət müəssisələrinin himayədarıdır.”
Görüşdə, dövlətimizin başçısının yaşından, titulundan, tutduğu vəzifədən asılı olmayaraq, mədəniyyət sahəsində çalışan bütün insanların çıxışına diqqətlə qulaq asdığını, qaldırılan məsələyə konkret və yerindəcə münasibət bildirdiyini, tədbir görülməsi üçün tövsiyə və tapşırıqların verilməsinin xalqımız tərəfindən böyük razılıqla qarşılandığını deyən T.Heydərov, ölkə başçısının teatr işçilərinin aylıq əmək haqlarının artırılması barədə təkliflərin hazırlanması və əhəmiyyətli dərəcədə artırılması ilə bağlı müvafiq qurumlara verdiyi göstəriş, həmçinin onun “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 4 mart 2019-cu il tarixli Sərəncamının sənət adamlarının sosial rifahının yaxşılaşmasına böyük təsir göstərəcəyinə əminliyini ifadə edib.
O əlavə edib ki, kollektivimiz adından ölkə başçısını əmin etmək istəyirəm ki, bundan sonra da mədəniyyətimizin inkişafı, gənc nəslin mənəvi tərbiyəsi üçün əlimizdən gələni əsirgəməyəcək, günün tələblərinə cavab verən yüksək səviyyəli tamaşalar hazırlayacağıq.