DÜNYA
Tokio Fond Birjasında səhmlərin kursu “Lehman Brothers” bankı ilə baş vermiş böhrana qədərki həddə qayıtmışdır
Tokio, 8 mart (AZƏRTAC). Martın 8-də Tokio Fond Birjasında (TFB) hərraclar kotirovkaların diqqəti cəlb edən artımı ilə başlamış və Nikkey indeksi 2008-ci ildə ABŞ-ın “Lehman Brothers” investisiya bankı ilə bağlı böhrandan əvvəlki səviyyəyə qayıtmışdır.
Son üç gündə Nyu-York fond birjasında əsas Dow Jones indeksinin rekord dərəcədə qalxması TFB-də də artım tendensiyasına təkan vermişdir.
İnvestorların sifarişləri səhmlərin bütün şkalası üzrə, xüsusən ixracla məşğul olan şirkətlər üzrə fəallığı ilə seçilmişdir. Bunun yenin kursunun aşağı olması və ABŞ iqtisadiyyatında baş verən bərpa ilə stimullaşdığı bildirlir.
Yaponiyanın 225 aparıcı şirkətinin səhmlərinin kursunu əks etdirən Nikkey indeksi həftənin son hərraclarında 12.283-ə bərabər olmuşdur. Bu, cümə gününün göstəricisini 315 bənd üstələmək deməkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio