REGİONLAR
Tovuz: son illər tibb müəssisələri əsaslı təmir edilib, müasir avadanlıqlar quraşdırılıb
Tovuz, 17 iyun, Famil Quliyev, AZƏRTAC
17 İyun - Tibb işçilərinin peşə bayramı münasibətilə Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Sonra rayon mərkəzi xəstəxanasının baş həkimi Paşa Muradov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, iyunun 17-si ölkədə Səhiyyə İşçiləri Günü kimi qeyd olunur. Məlumat verilib ki, son illər ölkədəki sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Bu dövrdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və digər genişmiqyaslı tədbirlər həyata keçirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə ölkədə 500-dən çox tibb ocağı tikilib və ya əsaslı təmir edilib. Tibb müəssisələri müasir avadanlıqlarla təmin olunub. Dövlətimizin başçısının təsdiqlədiyi proqramlar tibb müəssisələrinin təmir-bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchizatını, müalicəsini, regionlarda diaqnostik mərkəzlərin istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir.
Diqqətə çatdırılıb ki, bölgələrdə də səhiyyənin inkişafı həmişə diqqət mərkəzində saxlanılıb. Belə ki, son illər Tovuz rayonunda 80 çarpayılıq müasir xəstəxana və Müalicə Diaqnostika Mərkəzi tikilərək istifadəyə verilib. Rayonun tibb müəssisələri əsaslı təmir edilib və müasir tibbi avadanlıqlarla təmin olunub.
Tədbirin sonunda bir qrup qabaqcıl səhiyyə işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanları verilib.