ELM VƏ TƏHSİL
TQDK-nın Ağcabədi Regional Bölməsi seminar-məşğələlərə başlayıb
Bakı, 5 fevral, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ağcabədi Regional Bölməsi tərəfindən Ağdam, Tərtər və Bərdə rayonlarından bu il aparılacaq imtahanlarda zal nəzarətçisi kimi iştirak edəcək müəllimlər üçün seminar-məşğələlər keçirilib.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, seminarlarda Ağdam rayonu üzrə 122 nəzarətçi-müəllimdən 117-si, Tərtər rayonu üzrə 132 nəzarətçi-müəllimdən 128-i, Bərdə rayonundan isə 231 nəzarətçi-müəllimdən 225-i iştirak edib.
Seminarlarda zal nəzarətçisinin hüquq və vəzifələri, imtahan prosesi, abituriyentlərlə işin təşkili və digər məsələlər barədə məlumat verilib. İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün seminar-məşğələlər 25-30 nəfərlik qruplarla aparılıb. Təlimlər zamanı real imtahanda tətbiq edilən sənədlərdən istifadə olunub, Komissiya tərəfindən hazırlanmış imtahan texnologiyasına aid film göstərilib.
Seminarların fevralın 12-dək Regional Bölmənin əhatə etdiyi digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.