DÜNYA
Tramp meşə yanğınları ilə mübarizə aparan Kaliforniyanı federal yardımın dayandırılması ilə hədələyib
Vaşinqton, 4 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Kaliforniyaya federal yardımı dayandırmağı təklif edib. O, qubernator Qevin Nyusomu ştatın meşələrini düzgün idarə etməməkdə təqsirləndirib və bu, Trampın sözlərinə görə, yanğınların baş verməsinə səbəb olub.
AZƏRTAC xəbər verir ki, Tramp özünün “Twitter” səhifəsində Nyusomun “meşələri idarəçilikdə dəhşətli iş apardığını” yazıb. Tramp bəyan edib ki, Demokratlar Partiyasından olan qubernator onun meşə yanğınları ilə bağlı risklərin azaldılması barədə təkliflərini rədd edib.
“Mən bizim görüşümüzün ilk günündən ona dedim ki, rəhbərlərinin, ekoloqların ondan nə tələb etməsindən asılı olmayaraq, o, meşə sahələrini təmizləməlidir”. Tramp bəyan edib ki, hər il ştatın administrasiyası eyni səhvlərə yol verir və sonra maliyyə yardımı ilə bağlı federal hökumətə müraciət edir. Qubernator Nyusomu tənqid edən Ağ ev başçısı onu “uşaq” adlandırıb.
Qubernator Nyusom prezidenti cavabsız qoymayıb. O, “Twitter” hesabında Trampa belə cavab yazıb: “Siz iqlim dəyişmələrinə inanmırsınız. Siz bu işə qarışmayın”.
Tramp, həmçinin təqsirin bir hissəsini Şimali Kaliforniyada dairəni təmsil edən Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin üzərinə qoyub. O deyib ki, Pelosi öz ştatının problemlərinə məhəl qoymayıb və Trampın impiçmenti ilə bağlı təhqiqata həddən artıq diqqət ayırıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton