İQTİSADİYYAT
Transxəzər marşrutu ilə Asiyadan Avropaya yalnız ticarət yükləri deyil, eyni zamanda, enerji də ixrac ediləcək
![Transxəzər marşrutu ilə Asiyadan Avropaya yalnız ticarət yükləri deyil, eyni zamanda, enerji də ixrac ediləcək](/files/2024/1/1200x630/17104265311825039370_1200x630.jpg)
Bakı, 14 mart, AZƏRTAC
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı hər iki dövlət enerji istehsalı, ixracı və tranziti sahəsində də əməkdaşlıq əlaqələrini genişləndirmək və Avropaya enerji ixracını artırmaq niyyətində olduğunu ifadə edib. Transxəzər Avropa ilə Asiyanı birləşdirən marşrutdur və Azərbaycan ilə Qazaxıstan bu marşrutun üzərindəki əsas ölkələrdəndir.
AZƏRTAC xəbər verir ki, Transxəzər marşrutu ilə Asiyadan Avropaya yalnız ticarət yükləri deyil, eyni zamanda, enerji də ixrac ediləcək. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kedri Simsonun “Azərbaycan Avropanın enerji keçidində mühüm rol oynayan dövlətdir” - bəyanatını səsləndirməsi təsadüfi xarakter daşımayıb.
Qazaxıstanın yaşıl enerji ixracı üçün böyük potensialı var. Qazaxıstanın Energetika Nazirliyinin məlumatına əsasən, hazırda ölkədə alternativ enerji istehsal edən 133 müəssisə var. Bunlardan 48-si külək, 43-ü günəş, 39-u su, 3-ü bioqaz elektrik stansiyalarıdır. Bu müəssisələrin ümumi istehsal gücü 2,5 gigavatdır. 2023-cü ilin ikinci yarısında bu stansiyalarda ümumilikdə 3,35 milyard kilovat-saat enerji istehsal olunub.
BMT-nin Sənayenin İnkişafı bölməsinin (UNİDO) hesabatına əsasən, Qazaxıstan planetimizin Şimal yarımkürəsinin külək axınları olan regionunda yerləşdiyi üçün böyük həcmdə külək enerjisi istehsal etmək potensialına malikdir. Təşkilatın ekspertləri bu potensialın 1820 milyard kilovat-saat olduğunu qeyd ediblər. Qazaxıstan hökuməti 2030-cu ilə kimi ölkənin 46 rayonunda ümumilikdə 1 milyon kilovat- saat külək enerjisi istehsal edəcək stansiyalar quraşdırmağı planlaşdırıb və artıq bu istiqamətdə işlər davam edir. Bununla yanaşı, ölkənin dağlıq ərazilərindəki çayların üzərində 65 milyard kilovat-saat istehsal gücü olan kiçik Su Elektrik Stansiyaları tikmək imkanı var.
Qazaxıstanda ildə 3000 saat günəş işığının olması irihəcmli günəş enerjisi istehsal etmək üçün şərait yaradır. Ölkədə 1 milyard gigavat-saat günəş enerjisi istehsalı potensialı var.
Sadalananlar onu deməyə əsas verir ki, Azərbaycan həm özünün, həm də Qazaxıstanın yaşıl enerjisini Avropaya ixracında mühüm rol oynayacaq. Müasir dünyada geosiyasi proseslərin daha da gərginləşməsi Avropanı enerji təhlükəsizliyini təmin etmək üçün alternativ yollar tapmağa vadar edib.
Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı bu məsələlərə toxunulub və enerji tranziti məsələsi haqqında razılıq da əldə edilib. Artıq aydındır ki, Qazaxıstan özünün alternativ enerji mənbələrindən əldə etdiyi enerjini məhz Azərbaycan üzərindən Avropaya ixrac etmək istəyir.
Brüsseldə dərc olunan “EU Reporter” jurnalının analitiki Kolin Stivens “Avropa Orta Dəhlizin reallaşmasını sürətləndirməlidir” sərlövhəli məqaləsində bildirib ki, Qazaxıstan ilə Azərbaycan Orta Dəhlizin iki əsas ölkəsidir. Qazaxıstan Transxəzər marşrutu ilə Avropaya buğda, uran, tikinti materialları ixrac etməklə yanaşı enerji nəqlini da həyata keçirə bilər.
“Avropa İttifaqı təxirə salmadan Transxəzər marşrutunun (Orta Dəhliz) inkişafına sərmayə yatırmalıdır. Bu layihələr Avropanı Asiya ilə əlaqələndirəcək və enerji təhlükəsizliyinə əlavə təminat yaradacaq”, - deyə məlumatda bildirilir.