İQTİSADİYYAT
Tunel tipli yolötürücüsü nəqliyyat vasitələrinin Olimpiya stadionu ərazisinə birbaşa çıxışını təmin edəcək
Bakı, 24 iyul (AZƏRTAC). Gələn il Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar nəqliyyat vasitələrinin Böyükşor gölü ətrafında tikilən Olimpiya stadionuna birbaşa çıxışını təmin edəcək avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində 2-ci tunel tipli yolötürücüsünün inşası davam etdirilir. Tunelin uzunluğu yanaşma yolları ilə birlikdə 510 metr, qapalı hissəsi 53,4 metr, eni isə 34,2 metr olacaq.
“Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AZƏRTAC-a bildirib ki, 6 hərəkət zolağından ibarət olacaq tunel tipli yolötürücüsünün svay-qazma işləri yekunlaşıb. Qapalı hissədə isə dəmir-beton tirlərin quraşdırılması davam etdirilir. İstinad divarlarının 40 faizi, yanaşma yollarında qazıntı işlərinin 65 faizi başa çatdırılıb.
Tunel nəqliyyat vasitələrinin Olimpiya stadionu ərazisinə maneəsiz və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, dairəvi hərəkət üçün nəzərdə tutulan avtomobil yollarına çıxışa imkan verəcək.