MƏDƏNİYYƏT
Tur-aksiya iştirakçılarının istirahəti və maariflənməsi üçün hər cür şərait yaradılır
Qəbələ, 14 avqust (AZƏRTAC, Şahnəzər Bəşirov). Bu maarifləndirici tur-aksiya yeniyetmə və gənclər üçün əvəzolunmaz bir tədbirdir. Dövlətimiz şagirdlərin yaxşı təhsil almaları ilə yanaşı, onların ölkəmizi hərtərəfli tanımaları üçün də lazımi işlər görür.
Bu sözləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Qəbələyə ekskursiyaya gələn Saatlıdan olan qrupun rəhbəri, rayon təhsil şöbəsinin məsul işçisi Ülkər İslamova AZƏRTAC-a müsahibəsində dedi. O, qeyd etdi ki, şagirdlərin bölgələrlə tanışlığı, qədim tariximizin, adət-ənənələrimizin öyrənilməsi, mədəniyyət abidələrimizin ziyarət olunması, turizm mərkəzləri və başqa gəzməli-görməli yerlərlə tanışlığı üçün təşkil edilən bu tədbir olduqca əhəmiyyətlidir.