MƏDƏNİYYƏT
“Türk dilləri və ləhcələrinin tarixi” kitabının “imza günü” keçirilmişdir
Bakı, 28 oktyabr (AZƏRTAC). Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Bayatı” kitab mağazasında dünya şöhrətli həkim-cərrah, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq” jurnalının təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru, türkoloq alim, professor Cavad Heyətin “Türk dilləri və ləhcələrinin tarixi” kitabının “imza günü” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rəfael Hüseynov professor Cavad Heyətin ədəbi fəaliyyəti haqqında məlumat vermişdir.
AYB-in sədri, Xalq Yazıçısı Anar, qurumun katibi, Xalq Şairi Fikrət Qoca və başqaları Cavad Heyətin təkcə “Varlıq” jurnalı ilə bütün türk dünyasında oynadığı əhəmiyyətli rolundan danışmışlar. Bildirilmişdir ki, o, “Oğuznamə”, “Xorasan türkcəsi”, “Təbriz ləhcəsi”, “Gəncəli Nizaminin “Xəmsə”sində türkcə sözlər”, “Füzulinin ədəbi şəxsiyyəti”, “Yunis Əmrə-mütəsəvvif türk şairi” və s. məqalələri, çoxsaylı kitabları ilə türk dili və ədəbiyyatının inkişafına böyük töhfələr vermişdir.
Görkəmli tədqiqatçı-alimin “Türk dilləri və ləhcələrinin tarixi” kitabının dərsliklərə salınmasının vacibliyi nəzərə çarpdırılmışdır.
Mərasimin sonunda Cavad Heyət tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.