Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Türkdilli Xalqlarla Slavyan Xalqları Arasında “SODRUJESTVO” Fondu”nun prezidenti Mirkazım Seyidovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Bizim üçün çox sevindirici haldır ki, Azərbaycan xalqı 2018-ci il aprelin 11-də öz iradəsini ifadə edərək növbəti dəfə Sizin Prezident seçilməyinizə səs verdi. Bu isə o deməkdir ki, Azərbaycan xalqı təhlükəsizliyə və uğurlu inkişafa səs verdi.

Dünyada gedən proseslərin dinamikası və torpaqlarımızın işğal altında olması ölkə rəhbərliyindən dəmir iradə və müdrik siyasət tələb edir. Sayı əlli milyondan artıq olan azərbaycanlılar bu keyfiyyətləri Sizin şəxsinizdə görür və Sizə etimad göstərirlər. Rusiyada fəaliyyət göstərən “Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu”nun və “Türkdilli Xalqlarla Slavyan Xalqları Arasında “SODRUJESTVO” Fondu”nun əməkdaşları Sizi seçkilərdə yenidən parlaq qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı və bütöv Azərbaycan naminə mübarizədə uğurlar arzulayırlar.

İnanırıq ki, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlətçilik ənənələri, azərbaycançılıq ideyaları, Azərbaycanın davamlı iqtisadi inkişafı, ən əsası isə düşmən tapdağı altında olan torpaqlarımızın azad edilməsi istiqamətində görəcəyiniz bütün işləri bundan sonra da fəal davam etdirəcək və yeni-yeni parlaq qələbələr qazanmaqla Vətənimizin davamlı inkişafına nail olacaqsınız.

Sizi əmin edirik ki, təkcə bizim ictimai-siyasi təşkilatların deyil, həmçinin Rusiya Federasiyasının müxtəlif regionlarında fəaliyyət göstərən diaspor təşkilatlarının ətrafına toplaşmış minlərlə azərbaycanlı Sizin daxili və xarici siyasətinizi hər zaman dəstəkləyir, Heydər Əliyev siyasi kursunun uzunömürlü olması üçün bundan sonra da onun layiqli davamçısı kimi Sizin bütün istiqamətlərdə apardığınız işlərdə həmişə yanınızda olacaqdır.

Parlaq qələbə münasibətilə Sizi, Azərbaycan vətəndaşlarını, dünya azərbaycanlılarını və bütün türk dünyasını bir daha səmimi qəlbdən təbrik edirik.

Hörmətlə,

 

Mirkazım Seyidov

“Türkdilli Xalqlarla Slavyan Xalqları Arasında

“SODRUJESTVO” Fondu”nun prezidenti,

Rusiya, Novosibirsk şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin