DÜNYA
TÜRKİYƏ PREZİDENTİ PAKİSTANDA RƏSMİ SƏFƏRDƏDİR
Bakı, 1 aprel (AZƏRTAC). Pakistanda səfərdə olan Türkiyə Prezidenti Abdullah Gül həmkarı Asif Əli Zərdari ilə görüşmüşdür.
Görüşdən sonra mətbuat konfransında Türkiyə Prezidenti siyasi sahədəki sıx münasibətlərin iqtisadi sahədə də davam etdirilməsinin zəruriliyini vurğulamış, bunun üçün hər iki ölkənin böyük potensiala sahib olduğunu qeyd etmişdir.
Abdullah Gül Türkiyə ilə Pakistan arasında dəmir yolu ilə yük daşımalarının avqust ayında başlayacağını vurğulamış, mövcud dəmir yolu şəbəkəsinin təmir olunması layihəsinin tezliklə həyata keçiriləcəyini bildirmişdir.
Abdullah Gül Pakistanın demokratiyanın inkişafı, milli bərabərlik və terrorizm sahələrindəki addımlarını dəstəklədiklərini qeyd etmişdir.
Səfər çərçivəsində Türkiyə ilə Pakistan arasında nazirlər səviyyəsində 3 müqavilə imzalanmışdır.
Türkiyə Prezidenti Abdullah Gül daha sonra Pakistanın Baş naziri Yusif Gilani, parlamentin sədri Fahmidə Mirzə, Senatın sədri Faruq Naeklə də görüşlər keçirmişdir.
Türkiyə Prezidentinə Pakistanın dövlət nişanı təqdim edilmişdir. Nişanı Pakistan Prezidenti Asif Əli Zərdari vermişdir. Abdullah Gülə Qəid-i Əzam Üniversiteti tərəfindən beynəlxalq əlaqələr fəxri doktoru adı verilmişdir.
Türkiyə Prezidenti Abdullah Gülün səfəri aprelin 2-də başa çatacaqdır.