SİYASƏT
Türkiyənin şəhərlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlər keçirilir
Ankara, 28 dekabr (AZƏRTAC). Türkiyənin müxtəlif şəhərlərindəki universitetlərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbirlər keçirilir.
Ərdahan Universitetində keçirilmiş tədbirdə professor Şurəddin Məmmədli, dosent Əhməd Əli Arslan və Rövşən Quliyev türk dünyasının dahi şəxsiyyəti, ulu öndər Heydər Əliyevin sərəncamı ilə qeyd olunan bu bayramın dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların həmrəyliyinin gücləndirilməsi baxımından əhəmiyyətindən bəhs etmişlər. Natiqlər Prezident İlham Əliyevin bütün dünyada soydaşlarımızın və qardaş Türkiyə diasporunun birgə fəaliyyəti sahəsində böyük səylərini vurğulamışlar. Onlar qeyd etmişlər ki, bu gün təkcə 50 milyondan çox azərbaycanlının deyil, bütün türk dünyasının bayramıdır.
Sonra, universitetin Dədə Qorqud Düşüncə Topluluğunun Azərbaycan haqqında təqdimatı olmuşdur. Azərbaycanlı tələbələrin ifasında milli rəqslərimiz toplantıya xoş ovqat qatmışdır.
Daha bir bayram tədbiri Manisada yerləşən Cəlal Bayar Universitetində keçirilmişdir. Manisa Azərbaycanlıların Dayanışma Dərnəyinin dəstəyi ilə təşkil olunmuş bayram mərasimində millət vəkili Özgür Özəl, universitet rəhbərliyi və tələbələr iştirak etmişlər.
Manisa Azərbaycanlıların Dayanışma Dərnəyinin sədri Kaffer Hangül dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsi sahəsində Azərbaycan dövlətinin atdığı mühüm addımlardan, qardaş Türkiyənin ölkəmizə dəstəyindən bəhs etmişdir.
Tədbirdə “Odlar yurdu” sənədli filmi nümayiş etdirilmiş, milli mahnı və rəqslərimiz ifa olunmuşdur.
Bayram tədbirləri Ankara, İstanbul, İzmir, Qars və Bursada da davam edəcəkdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara