ELM VƏ TƏHSİL
Ulu Öndər hakimiyyətə gəldiyi gündən təhsil sahəsini daim diqqətdə saxlayıb
![Ulu Öndər hakimiyyətə gəldiyi gündən təhsil sahəsini daim diqqətdə saxlayıb](/files/2022/2/1200x630/16521988404347058988_1200x630.jpg)
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Təhsil İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyinə həsr edilmiş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev tədbirdə çıxış edərək Ulu Öndərin xalqın milli ruhunun oyanmasında müstəsna rolundan danışıb. O, həmçinin Heydər Əliyevin ölkənin iqtisadi inkişafını həyata keçirmək üçün yeraltı və yerüstü sərvətlərdən səmərəli istifadəni təmin etmək, diplomatik arenada ölkəni təmsil etmək və digər dövlətlərlə siyasi, iqtisadi, sosial, mədəni əlaqələrin inkişafına təkan vermək sahəsində əvəzsiz xidmətlərini qeyd edib.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qurulmasında əvəzsiz rolu olan böyük siyasi lider, genişmiqyaslı və sistemli düşüncə tərzinə malik dahi şəxsiyyət olduğunu qeyd edib. Dahi şəxsiyyətin eyni anda həm gündəlik fəaliyyətlərin icrası, həm də gələcəyə dair addımların atılmasındakı düşüncələri və əzmindən bəhs edib.
Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsinin müdiri Piralı Əliyev ümummilli lider Heydər Əliyevin peşəkar fəaliyyətindən, keçdiyi mübariz həyat yolundan danışıb. O qeyd edib ki, Heydər Əliyev sayəsində torpaqlarımızın işğaldan azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsası qoyulub, ölkə daxilində sabitlik və təhlükəsizlik təmin edilib, uğurlu ordu quruculuğu həyata keçirilib.
İnstitutun direktor müavini Aydın Əhmədov ulu öndər Heydər Əliyevin təhsil sahəsindəki uğurlu fəaliyyətinə toxunub. O qeyd edib ki, Ulu Öndər hakimiyyətə gəldiyi gündən təhsillə bağlı xüsusi məruzələrlə çıxış edib və bu sahəni daim diqqət mərkəzində saxlayıb.