ELM VƏ TƏHSİL
Ulu Öndərin 100 illik yubileyi münasibətilə hazırlanmış “Tarix” vəsaitinin təqdimatı olub
Bakı, 9 fevral, AZƏRTAC
“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin tədbirlər planı”na uyğun olaraq Dövlət İmtahan Mərkəzi (DİM) və “LANDAU School” məktəb kompleksinin birgə layihəsi əsasında fevralın 9-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış “Tarix” vəsaitinin təqdimat mərasimi keçirilib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, əvvəlcə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar, həmçinin Heydər Əliyevin Mərkəzin inzibati binasında yerləşən büstünün önünə gül dəstələri qoyublar.
Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Vətən şəhidlərinin, həmçinin Türkiyə Respublikasında baş vermiş dəhşətli zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Ulu Öndər təhsil sisteminə, mütəxəssis hazırlığına həmişə cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli bir sahəsi kimi yanaşırdı. O, iqtisadiyyatın da, cəmiyyətin başqa sahələrinin də təhsilə əsaslandığını, onun üzərində qurulduğunu vurğulayardı.
M.Abbaszadə DİM və “LANDAU School” məktəb kompleksinin birgə layihəsi əsasında Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış “Tarix” vəsaitinin qəbul imtahanlarına hazırlaşanlara elmi-metodiki kömək məqsədi daşıdığını, xüsusilə öz üzərində müstəqil çalışmaq istəyənlər üçün əvəzsiz mənbə olduğunu deyib. Sədr vəsaitin hazırlanmasında və nəşrində iştirak etmiş bütün müəlliflərə, yaradıcı və texniki heyət üzvlərinə, “LANDAU School”un rəhbərliyinə və DİM əməkdaşlarına, bir sözlə, bu işdə zəhmət çəkmiş hər kəsə dərin təşəkkürünü bildirib, onun Ulu Öndərimizin adına layiq bir nəşr, 100 illik yubileyə dəyərli bir töhfə olacağını düşündüyünü qeyd edib.
Tarix İnstitutunun icraçı direktoru İlqar Niftəliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşısındakı misilsiz xidmətləri barədə bəhs edib. İ.Niftəliyev Heydər Əliyevin tarix elmi və təhsilin inkişafına böyük qayğı ilə yanaşdığını qeyd edib. O, həmçinin bildirib ki, Heydər Əliyev Azərbaycan tarixinin gözəl bilicisi idi. Ulu Öndər həm bir tarixçi, həm də dövlət xadimi olaraq milli tariximizə yeni baxış konsepsiyasını təqdim etdi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov öz çıxışında Heydər Əliyevin Azərbaycan müəlliminə verdiyi qiymət, gəncliyin hərtərəfli inkişafı üçün atılan addımları qeyd etdi və bu cür əhatəli vəsaitlərin yazılmasını təqdir etdi.
Daha sonra tədbirdə vəsaitin həmmüəllifləri çıxış ediblər. Dövlət İmtahan Mərkəzinin Tarix fənni üzrə işçi qrupunun rəhbəri, Bakı Dövlət Universitetinin kafedra müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov vəsaitin “Ümumi tarix”, Bakı Dövlət Universitetinin kafedra müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Mehman Abdullayev “Azərbaycan tarixi” bölməsi haqqında danışıblar. Vəsait haqqında ümumi məlumat verən Heydər Əliyev adına liseyin tarix müəllimi Hafiz Cabbarov isə onun tədris proqramı və dərsliklər əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış qəbul proqramına və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş fənn kurikulumunun tələblərinə tam uyğunluğunu qeyd edib, kitabda olan müstəqil qiymətləndirmə tapşırıqlarının əhəmiyyətindən danışıb.
Tədbirə dəvət olunan Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva isə öz çıxışında Ulu Öndərlə bağlı xatirələrindən danışıb və onun zəngin həyat yolu haqqında məlumat verib.
Xatırladaq ki, görüşdə, həmçinin DİM-in Vətən müharibəsi iştirakçıları olan əməkdaşları və Mərkəzin “YAŞAT” fondu ilə əməkdaşlığı çərçivəsində təhsilini ali məktəblərdə davam etdirmək istəyən və ödənişsiz əsaslarla hazırlıq kursuna cəlb edilən bir qrup qazi iştirak edib.