CƏMİYYƏT
Ümumdünya Şəhər Forumunda işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən şəhərsalma və quruculuq işləri barədə məlumat veriləcək
Katovitse, 6 iyun, AZƏRTAC
İyunun 26-dan 30-dək Polşa Respublikasının Katovitse şəhərində “Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci Ümumdünya Şəhər Forumu (WUF) keçiriləcək.
AZƏRTAC xəbər verir ki, forumda mövcud tendensiyalar, problemlər və imkanlar kontekstində şəhərlərin pandemiya və epidemiyalara hazırlıqlı olma yolları, müharibə sonrası yaşayış məntəqələrinin bərpası və şəhərlərin dayanıqlı inkişaf məsələləri müzakirə ediləcək.
BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat), Polşanın İnkişaf Fondları və Regional Siyasət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən 11-ci forumda milli, regional və yerli hökumətlərin, akademik dairələrin nümayəndələrinin, iş adamlarının, icma liderlərinin və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı gözlənilir. Forumda Azərbaycanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Azərbaycan nümayəndə heyəti Forumda 30 ilə yaxın davam edən erməni işğalı dövründə şəhər və kəndlərimizin dağıdılması faktları və hazırda işğaldan azad olunan ərazilərimizdə həyata keçirdiyimiz genişmiqyaslı şəhərsalma və quruculuq işləri barədə ətraflı məlumat verəcək.
Qeyd edək ki, dünyada şəhərlərin dayanıqlı inkişafının təmin edilməsi məsələləri ilə bağlı əsas qlobal tədbirlərdən biri olan WUF forumu 2001-ci ildə BMT tərəfindən dünyanın üzləşdiyi ən aktual problemlərdən biri - sürətli urbanizasiya və onun icmalara, şəhərlərə, iqtisadiyyatlara, iqlim dəyişikliyinə və siyasətlərə təsirini araşdırmaq məqsədilə təsis edilib. İlk Ümumdünya Şəhər Forumu 2002-ci ildə Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Katovitse