SİYASƏT
Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləmişdir
Bakı, 10 may (AZƏRTAC, Məhərrəm Əlioğlu). Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olmuşdur.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş “Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda” Cəmiyyətin beynəlxalq əlaqələr üzrə katibi Cavid Rəhimov AZƏRTAC-a müsahibəsində söyləmişdir.
Cavid Rəhimov demişdir ki, böyük dövlət xadim, müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti gənclər üçün örnəkdir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu Öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir. Ümummilli Liderimiz həmişə gənclərimizə böyük ümidlər bəsləmişdir. Dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi.
Mən də bir Azərbaycan gənci olaraq bu gün Fəxri xiyabana gəlib ulu öndər Heydər Əliyevin məzarını ziyarət etməyi özümə borc bilirəm.