REGİONLAR
Ümummilli lider Heydər Əliyevin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrilib
Şəmkir, 12 dekabr, Famil Quliyev, AZƏRTAC
Dekabrın 12-də respublikamızın hər yerində olduğu kimi, Şəmkirdə də ümummilli lider Heydər Əliyevin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri Şəmkir şəhərinin mərkəzində Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.
X X X
Ulu Öndərin vəfatının 13-cü ildönümü ilə əlaqədar Tovuz rayonunun sakinləri də Heydər Əliyev meydanında dahi rəhbərin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Mərkəzdə nümayiş etdirilən fotoşəkillər və sənədli film hər kəsi yaxın keçmişə qaytarıb, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları bir daha göz önündə canlanıb.
Rayonun bütün təhsil ocaqlarında Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş dərslər keçirilib, məktəblilərə dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində qazanılan uğurlar barədə ətraflı məlumat verilib.
X X X
Ümummilli lider Heydər Əliyevin xatirəsi Ağstafada da anılıb.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərə böyük sevgi və məhəbbət ifadə edən izdihamlı tədbirin iştirakçıları Heydər Əliyev Mərkəzinin önündə dahi rəhbərin abidəsini ziyarət ediblər.
Tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Ağstafalılar müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolunu əks etdirən foto-stendlərlə tanış olublar.
X X X
Ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Qazax rayonunda da anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimi Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Rayon rəhbərliyi, hərbi hissələrin əsgər və zabit heyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə tər-çiçək dəstələri qoyaraq, əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.