SİYASƏT
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİ BELARUSDA QEYD OLUNMUŞDUR
Minsk, 9 may (AZƏRTAC). Azərbaycanın Belarusdakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Belarusda yaşayan Azərbaycan icmasının üzvləri, ziyalılar, habelə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xətti ilə Belarusda təhsil alan tələbələr də iştirak etmişlər.
Mərasimdə ulu öndərin həyat və fəaliyyətinin, tanınmış elm və incəsənət xadimlərinin ümummilli lider haqqında xatirələrinin əks olunduğu film nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən səfir Əli Nağıyev ulu öndərin həyat və fəaliyyətinin parlaq səhifələri, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin tərəqqisi və xalqın firavanlığı işinə böyük töhfəsi barədə danışmışdır.
Ulu öndərimizin rəhbərliyi dövründə Azərbaycanın sürətlə inkişaf etdiyini, ictimai-siyasi sabitliyin bərqərar olduğunu faktlarla əsaslandıran səfir vurğulamışdır ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində xalqımızın taleyüklü problemlərinin həllində dahi şəxsiyyət əvəzedilməz rol oynamışdır.
Belarusda yaşayan tanınmış azərbaycanlılar, tələbələr Heydər Əliyevin təhsilin maddi-texniki bazasının inkişafına daim yüksək diqqət və qayğı göstərməsindən, onun ensiklopedik biliyə malik olmasından, ulu öndərin təşəbbüsü ilə Azərbaycan gənclərinin keçmiş SSRİ-nin ən yaxşı ali məktəblərinə təhsil almağa göndərilməsindən danışmışlar.
Vurğulanmışdır ki, bu gün Azərbaycan və Belarus arasında əlaqələr yüksələn xətlə inkişaf edir.
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını və sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olduğunu diqqətə çatdıran natiqlər qeyd etmişlər ki, hazırda ümummilli liderimizin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
######