ELM VƏ TƏHSİL
Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu beynəlxalq festivalın qalibi olub
Bakı, 10 iyul, AZƏRTAC
Polşanın Lodz şəhərində IX Beynəlxalq Folklor Yaradıcılıq Festivalı (“Folkowe inspiracje”) keçirilib. Xoreoqrafiya, vokal, teatr, instrumental musiqi, foto və videonominasiyaları üzrə təşkil olunan festivala 12 ölkədən 600-dən çox iştirakçı qatılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu da iştirak edib. “Təbəssüm” rəqs qrupunun “Xoreoqrafiya” nominasiyası üzrə nümayiş etdirdiyi “Odlar yurdu” rəqsi 1-ci yerə və festivalın “Qızıl qayıq” mükafatına layiq görülüb.
Festival çərçivəsində təşkil olunan ölkə təqdimatlarında və ustad dərslərdə fəal iştiraklarına görə dərnək rəhbəri Roza İsmayılova “Gümüş qayıq” mükafatı, mərkəzin direktoru Əminə Musayeva isə diplomla təltif olunub.