REGİONLAR
Uşaqlar arasında “İntibahın şəfəqləri ilə böyüyürük biz” mövzusunda müsabiqəyə start verilib
Naxçıvan, 22 may, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər müəssisələrin uşaqları arasında “İntibahın şəfəqləri ilə böyüyürük biz” mövzusunda müsabiqəyə start verilib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova və Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov çıxış edərək, ölkəmizdə uşaq və yeniyetmələrə göstərilən diqqət və qayğıdan bəhs ediblər.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında da dövlət uşaq siyasəti uğurla həyata keçirilir, uşaqların sağlam ruhda tərbiyə olunmaları, təhsil almaları üçün hərtərəfli şərait yaradılır. Bu məqsədlə yeni məktəbəqədər tərbiyə müəssisələri tikilərək istifadəyə verilir, onların maddi-texniki bazası möhkəmləndirilir.
Vurğulanıb ki, belə müsabiqələrin keçirilməsi sağlamlıq imkanları məhdud olan uşaqların da istedad və bacarıqlarının üzə çıxarılmasında, gələcəkdə onların cəmiyyətə inteqrasiya olunmalarında mühüm əhəmiyyət kəsb edir.
Müsabiqənin şərtləri haqqında ətraflı məlumat verildikdən sonra Naxçıvan şəhərindəki beşədək uşaq bağçasının balaca fidanları məharətlərini nümayiş etdiriblər. Naxçıvana həsr olunmuş şeirlər bədii qiraət edilib, kompozisiyalar göstərilib, mahnılar oxunub, rəqslər edilib.
Müsabiqəyə mayın 26-da yekun vurulacaq.