Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Varşava Azərbaycanlıları Birliyinin sədri Rəsul Məmmədovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanda keçirilən Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Polşadakı Varşava Azərbaycanlıları Birliyinin çoxsaylı üzvləri adından təbrik edirik.

Sizin həyata keçirdiyiniz siyasətin nəticəsi göz önündədir. Ölkəmizin inkişafı, regionda artan nüfuzu, əhalinin sosial vəziyyətinin və firavanlığının ildən-ilə yaxşılaşması, Azərbaycanın hərbi qüdrətinin keçmiş dövrlə müqayisə edilməyəcək dərəcədə güclənməsi şəxsən Sizin uğurlu siyasətinizin nəticəsidir.

Hazırda ölkəmizin turizm potensialını reallaşdıraraq Vətənimizin tanıdılması üçün misilsiz işlər görürsünüz. Xüsusən, Azərbaycana gələn xarici ölkə vətəndaşları üçün “ASAN Viza” sisteminin tətbiqində göstərdiyiniz qətiyyəti qeyd etməyi özümüzə borc bilirik. Biz də, öz növbəmizdə, Polşada bacardığımız qədər ölkəmizi təbliğ edir və turizm məsələsinə xüsusi önəm veririk.

Azərbaycanda istər iqtisadi-sosial, istərsə də təhlükəsizlik sahələrində sabitlik hökm sürür. Yaxın və uzaq qonşularımız uzun illərdir qeyri-sabit həyat sürdükləri halda, Azərbaycan Respublikasının vətəndaşları ana vətənimizdə əmin-amanlıq şəraitində yaşayırlar. Buna görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm Prezident, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini yüksək qiymətləndiririk və Avropada yaşayan azərbaycanlılar olaraq bu əlaqələrin inkişafına hər cür dəstək verməyə hazırıq.

Cənab İlham Əliyev, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayır və bu şərəfli işinizdə uğurlarınızın daimi olmasını diləyirik.

Dərin hörmətlə,

 

Rəsul Məmmədov

Varşava Azərbaycanlıları Birliyinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin