ELM VƏ TƏHSİL
Vatikan arxivlərində ilk Azərbaycan əlyazmaları kataloqu yaradılacaqdır
Bakı, 27 yanvar (AZƏRTAC). Dünyanın ən böyük arxivlərindən olan Vatikanda ilk dəfə Azərbaycan əlyazmaları kataloqu yaradılacaqdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli AZƏRTAC-a bildirmişdir ki, hazırda Vatikanda Azərbaycanın qədim əlyazmaları və kitabları saxlanılsa da, orada Azərbaycan kataloqu yoxdur. Ona görə də Azərbaycan əlyazmalarını ümumi əlyazmalar arasından axtararaq tapmaq lazımdır.
Şöbə müdiri demişdir ki, indiyədək Vatikanda Azərbaycan əlyazması anlayışı olmamışdır. Çünki Vatikanda əlyazmalar ölkələrə görə deyil, dillərə görə qruplaşdırılmışdır. Hazırda Vatikanda Azərbaycan əlyazmaları 3 qrupa bölünmüşdür. Fars dilində yazılan Azərbaycan əlyazmaları fars, ərəb dilində yazılan əlyazmalar ərəb, türk dilində yazılanlar isə türk dilli kataloqlarına daxil edilmişdir. Vatikanda Azərbaycan əlyazmaları adı ilə tərtib etdiyimiz siyahıları artıq onlar Azərbaycan əlyazmaları kimi tanımış və təsdiqləmişlər. Bu, çox mühüm hadisədir.
O, ümumilikdə Vatikandan Azərbaycana 500-dən çox arxiv sənədləri - məktublar, hesabatlar və 60 əlyazma kitabının surətinin gətirildiyini vurğulamışdır.