ELM VƏ TƏHSİL
Vatikandakı zədələnmiş qədim Azərbaycan əlyazmaları bərpa edilir
Bakı, 26 yanvar (AZƏRTAC). Azərbaycanın dünyanın ən böyük arxivlərindən olan Vatikanda saxlanılan zədələnmiş qədim əlyazmalarının bərpasına başlanılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli AZƏRTAC-a bildirmişdir ki, bu iş Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti hesabına icra edilir. Bərpa işlərini Vatikanın bu sahədə böyük təcrübəsi olan mütəxəssisləri yerinə yetirirlər.
F.Ələkbərli demişdir ki, Vatikandakı bir çox orta əsr Azərbaycan əlyazmaları yaxşı vəziyyətdə deyil. Onların bəziləri cırılmış, bəzilərinin səhifələri qarışmış, bəzilərində miniatürlərin rəngləri pozulmuşdur. Ümumilikdə 40-a yaxın əlyazmanın bərpaya ehtiyacı vardır.
Bu ilin sentyabrınadək zədələnmiş bütün əlyazmaların bərpasının yekunlaşması nəzərdə tutulmuşdur.
Zədələnmiş əlyazmaların surətləri bizdə var. Amma daha çox zədələnmiş əlyazmalar bərpa edildikdən sonra onların da surətlərini alacağıq.