CƏMİYYƏT
Vətən bizim and yerimizdir
Masallı, 8 avqust (AZƏRTAC). Masallı şəhərindəki Gənclər evində ”Vətən bizim and yerimizdir” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun fəal gəncləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub və hərbi-vətənpərvərlik mövzusunda videoçarx nümayiş etdirilib.
Çıxış edənlər bildiriblər ki, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və ölkəyə qarşı qürur hisslərinin formalaşdırılmasından çox asılıdır. Yaşadığımız dövr gənc nəslin kiçik yaşlarından hərbi-vətənpərvərlik ruhunda böyüməsini tələb edir. Gənc nəsli psixoloji və mənəvi cəhətdən hərbi həyata hazırlamaq vacib məsələlərdəndir.
Qeyd olunub ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın işğal altında qalması ölkənin bütün vətəndaşlarının hissiyyatına bu və ya digər dərəcədə toxunan, hər bir azərbaycanlını narahat edən bir problem olmaqla yanaşı, onun azad edilməsi gənclərin vahid məqsəd uğrunda milli birliyinə nail olunmasında aktual məsələlərdən biri kimi qarşıda durur. Bu baxımdan gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığı da mühüm əhəmiyyət kəsb edir.
Maarifləndirici tədbirdə qeyd edilib ki, hərbi xidmət gənclər üçün həm də bir həyat məktəbidir. Eyni zamanda, müstəqil dövlət quruculuğu və onun inkişaf etdirilməsi yolunda gənclərin üzərinə böyük və məsuliyyətli vəzifə düşür. Bu vəzifələri yalnız öz Vətənini sevən, onun tərəqqisinə çalışan və azadlığı uğrunda canını qurban verməyə hər an hazır olan gənclər yerinə yetirə bilərlər.