CƏMİYYƏT
Vilnüsdə məscid bərpa olunacaqdır
Vilnüs, 17 yanvar (AZƏRTAC). Vilnüs müsəlmanları paytaxtdakı məscidin bərpa olunacağına ümidlərini itirmirlər. Artıq bir neçə onillikdir ki, köhnə məscidin yerində Vilnüs Universitetinin Kimya, Nəzəri Fizika və Astronomiya İnstitutunun binaları tikilir, buna görə də müsəlman icması Vilnüsün başqa bir yerində onlara 2 hektarlıq yer ayrılmasını xahiş edir.
Litva müsəlmanlarının müftisi Romas Yakubauskas deyir ki, sahə məsələsi ilə əlaqədar özünüidarə orqanları ilə danışıqlar aparılır. R.Yakubauskas demişdir: “Məscidi Vilnüsün özündə tikmək istərdik, ucqarda yox. Əsas odur ki, məscidin yolu rahat olsun, ərazinin qarşısında evlər olmasın”.
Müftinin sözlərinə görə, indi müsəlmanlar Vilnüsdə müftilikdə ibadət edirlər. Təqribən əlli adam yığışır - yerli müsəlmanlar, tələbələr, turistlər və qonaqlar. Bəzən gələnlərin heç də hamısı ora sığışa bilmir.
Litvada dörd məscid vardır - Kalnasda, Nemejisdə, Sorok Tatar kəndində və Rayjyayda.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs