İDMAN
Vladimir Kramnik: Vüqar Həşimovun xatirə turnirində iştirak etməyə bilməzdim
Şəmkir, 19 aprel, AZƏRTAC
Vladimir Kramnik kimi şahmatçıya qarşı oynamaq böyük şərəfdir. Onun oyunlarını həmişə diqqətlə izləyib, öyrənməyə çalışmışam. Bu gün onun təzyiqini hiss etdim. Heç-heçəni özüm üçün yaxşı nəticə sayıram.
AZƏRTAC xəbər verir ki, bu fikri Şəmkirdə görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirin ikinci turunda rusiyalı zəka ustası Vladimir Kramnik ilə oyundan sonra keçirilən mətbuat konfransında ABŞ təmsilçisi Uesli So deyib.
Oyunda qazandığı üstünlüyün qələbə üçün kifayət etmədiyini vurğulayan sabiq dünya çempionu Vladimir Kramnik isə bildirib: “Üstünlüyüm var idi. Amma böyük üstünlük yox idi. Ona görə də heç-heçə normal nəticədir. Uesli So yaxşı şahmatçıdır və uğurla müdafiə olunurdu. Fikrimcə, hələ iki tur başa çatıb. Ona görə yekun nəticə haqda danışmaq düzgün deyil”.
Vladimir Kramnik və Uesli So yaxın günlərdə Ermənistanda start götürəcək yığma komandaların dünya çempionatında iştirakdan imtina etmələrinin səbəbini açıqlayıblar.
ABŞ təmsilçisi gec dəvət edildiyini, eyni zamanda, Şəmkirə gəlmək istəyinin böyük olduğunu diqqətə çatdırıb: “Şəmkirdəki turnirin təşkilatçılarına müsbət cavab vermişdim. Mən artıq Şəmkirə gələcəyimi deyəndən sonra federasiya məni dünya çempionatına dəvət etdi. Lakin mən millidə çıxış edə bilməyəcəyimi dedim. Şəmkirdə gözəl təşkilatçılıq və güclü şahmatçılar var. Buraya gəldiyimə görə çox şadam. Dünya çempionatına getmədiyimə görə peşman deyiləm".
Sabiq dünya çempionu Vladimir Kramnik isə Rusiya yığmasının heyətində olmadığını belə izah edib: “Məndə də oxşar hadisə oldu. Fevralda artıq Şəmkirə gələcəyimə söz vermişdim. Sonradan federasiya rəhbərliyi milliyə dəvət etdi. Əvvəlcədən hər hansı bir turnir keçiriləcəyi halda yığmada olmayacağımı demişdim. Fikrimcə, Rusiya yığması mənsiz də güclüdür. Digər tərəfdən, Şəmkirdəki turnir gözəl insan, güclü şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunub. Ötən il bu yarışda iştirak edə bilmədim. Amma bütün həmkarlarım təşkilatçılıq haqda xoş sözlər deyirdilər. Vüqarla çox yaxın olmasaq da, onun xatirə turnirində iştirak etməyə bilməzdim".