DÜNYA
Vladimir Putin Krımın müstəqilliyini rəsmən tanımışdır
ABŞ isə Rusiyanı əlavə sanksiyalarla hədələyir
Bakı, 18 mart (AZƏRTAC ). Rusiya prezidenti Vladimir Putin bazar ertəsi axşam “Krım Respublikasının tanınması haqqında” sərəncam imzalamışdır. Kremlin rəsmi saytında yerləşdirilmiş sənəddə Krım “suveren və müstəqil dövlət” kimi qəbul olunur.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, ABŞ isə Krımda keçirilmiş referenduma cavab olaraq Rusiya və Ukrayna məmurlarına sanksiyalar tətbiq etmişdir. Bu haqda Ağ evdə çıxışı zamanı prezident Barak Obama məlumat vermişdir. Vaşinqton Moskvadan fərqli olaraq referendumu qeyri-legitim sayır və bəyan edir ki, plebisitin nəticələrini tanımır. Moskva Ukraynanın işinə qarışmaqda davam edəcəyi halda, ABŞ Rusiyanı əlavə sanksiyalarla hədələmişdir.
“Hesab edirəm ki, bu vəziyyəti diplomatik yolla, həm Rusiyanın, həm Ukraynanın maraqlarına uyğun şəkildə həll etmək üçün hələ imkan vardır” - deyə Ağ evin başçısı bəyan etmişdir.