SİYASƏT
Vyanada keçirilmiş xeyriyyə tədbirində Azərbaycan da təmsil olunmuşdur
Vyana, 4 dekabr (AZƏRTAC). Vyananın “Austria Center Vienna” konqres mərkəzində BMT-nin Vyana bölməsi nəzdində fəaliyyət göstərən Qadınlar Gildiyasının (UNG) təşkilatçılığı ilə 43-cü “Beynəlxalq bazar” xeyriyyə tədbiri keçirilmişdir.
Hər il olduğu kimi, bu il də Azərbaycanın Avstriyadakı səfirliyi ölkəmizi həmin tədbirdə təmsil etmişdir.
Azərbaycanın Avstriyadakı səfirliyinin əməkdaşlarının və bu ölkədə yaşayan soydaşlarımızın xanımlarının hazırladıqları milli mətbəximizin ləziz xörək və şirniyyatları minlərlə iştirakçıya təqdim olunmuş, milli suvenirlər guşəsində isə xalq sənəti nümunələri nümayiş etdirilmişdir. Bədii hissədə Bakı Xoreoqrafiya Məktəbinin yetirmələri Xalq Artisti Yusif Qasımovun rəhbərliyi ilə Azərbaycan milli rəqslərini ifa etmiş, tamaşaçılarda böyük maraq və xoş ovqat yaratmışlar.
UNG tərəfindən hər il Vyanada təşkil edilən “Beynəlxalq Bazar” xeyriyyə tədbirinin məqsədi toplanan vəsaitlə bütün dünyada müxtəlif layihələr çərçivəsində uşaqlara yardım göstərməkdir. Tədbirdə müxtəlif ölkələr mədəni proqramları və milli mətbəxləri ilə çıxış edirlər.
“Ətraf mühiti qoruyaq, gələcəyə dəstək olaq, uşaqlara yardım edək” şüarı altında keçirilmiş builki tədbirdə 80-dən çox ölkə, həmçinin beynəlxalq təşkilatlar, donor şirkətlər və banklar öz stendləri ilə təmsil olunmuşlar.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana