REGİONLAR
Xaçmazın seldən zərər çəkən kəndlərində fəsadlar aradan qaldırılır VİDEO
Xaçmaz, 3 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazın Qarğalıq, Qarabağlı, Niyazabad kəndlərində selin fəsadları aradan qaldırılır.
AZƏRTAC xəbər verir ki, artıq kənddə təbii fəlakətin ciddi zərər vurduğu 12 yaşayış evindən altısında sel suları xüsusi nasoslar vasitəsilə təmizlənib.
Bunun üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının canlı qüvvəsi və texnikası cəlb olunub. Evlərin zirzəmilərinə dolan təqribən 1 metr hündürlüyündəki suyun çəkilməsi üçün 10-a yaxın nasosdan istifadə edilir.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Niyazabad inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cahangir Rəsulov AZƏRTAC-a bildirib ki, sel nəticəsində kənd sakinlərinin içməli su ilə təminatında da çətinliklər yaranıb. Problemin aradan qaldırılması üçün yaşayış məntəqəsinə xüsusi su daşıyan maşınlar cəlb olunub.
Qeyd edək ki, sentyabrın 1-dən 2-nə keçən gecə şimal bölgəsinə yağan güclü yağış nəticəsində yaranan sel Xaçmaz rayonunun bir sıra kəndlərində ciddi fəsadlar törədib. Qaraçayın məcrasından çıxması nəticəsində rayonunun Qarğalıq və Qarabağlı kəndlərində sel suları evləri və təsərrüfat sahələrini basıb. Yerli sakinlərdən xəsarət alan olmasa da, bəzi təsərrüfatlarda mal-qara və ev quşları tələf olub.