İQTİSADİYYAT
Xətai rayonunda Bank VTB (Azərbaycan) ASC-nin yeni filialının açılışı olmuşdur
Bakı, 8 fevral (AZƏRTAC). Bakı şəhərinin Xətai rayonunda Bank VTB (Azərbaycan) ASC-nin sayca beşinci filialının açılışı olmuşdur. Filial “Əhmədli” metrostansiyasının çıxışında, paytaxt əhalisinin sıx məskunlaşdığı ərazilərdən birində yerləşir.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, filialın açılış mərasimində VTB (Rusiya) qrupunun və Bank VTB (Azərbaycan) ASC-nin baş ofisinin nümayəndələri, həmçinin “AtaHolding”in təmsilçiləri iştirak etmişlər.
Bildirilmişdir ki, yeni filialda fiziki və hüquqi şəxslərə hər növ bank xidmətləri təqdim olunacaqdır. Müştərilərə depozitlərin yerləşdirilməsi, kreditləşmə, valyutadəyişmə, plastik kart və təcili pul köçürmə əməliyyatları üzrə xidmətlər göstəriləcəkdir.
Bank VTB (Azərbaycan) ASC-nin idarə heyətinin sədri Aleksandr Yeryonim 2014-cü ildə 10 yeni filialın açılacağını, 2015-ci ildə isə onların sayının 26-ya çatdırılacağını qeyd etmişdir. O, növbəti üç il ərzində geniş filial şəbəkəsinə malik bankların sırasına daxil olmağa çalışacaqlarını, həmçinin bütün filialların nəqliyyat baxımından müştərilər üçün maksimum əlverişli olan ərazilərdə yaradılacağını vurğulamışdır.